Yaponiyanın Aomori prefekturasında 1800 nəfər ənənəvi “hikiya” üsulundan istifadə edərək Hirosaki qalasının təxminən 360 ton ağırlığındakı əsas qülləsini yerindən hərəkət etdirib.
“The Guardian”ın məlumatına görə, tarixi tikili təmir işləri çərçivəsində 2 metrdən çox məsafəyə sürüşdürülüb.
“Hikiya” üsulunda bina sökülmür. Tikili xüsusi dayaqlar və diyircəklər üzərinə yerləşdirilərək relslər boyunca bütöv şəkildə hərəkət etdirilir.
Hirosaki qalasının qülləsi daha əvvəl 2015-ci ildə daş divarların təmirinə başlamaq üçün yerindən köçürülmüşdü. Zəlzələdən zədələnmiş divarın bərpası zamanı 2 185 daş yenidən yerləşdirilib və bu mərhələ 2024-cü ilin dekabrında başa çatıb.
Budəfəki tədbirə maraq o qədər böyük olub ki, 8 mindən çox müraciət arasından 1800 iştirakçı seçilib.
İştirakçılar qruplara bölünüb, uzun kəndirlərdən tutaraq qülləni əvvəlcədən hazırlanmış relslər üzərində çəkiblər. Tədbir zamanı qala təxminən 2,22 metr hərəkət etdirilib.
Hirosaki qalasının əsas qülləsi Yaponiyada bu günədək qorunub saxlanılan cəmi 12 orijinal qala qülləsindən biridir. Qalanın genişmiqyaslı bərpa işlərinin 2033-cü ilədək davam etməsi planlaşdırılır.



