Böyük Britaniyada hava hərəkətinin idarəetmə sistemində yaranan texniki nasazlıq ölkə üzrə hava limanlarının fəaliyyətində ciddi problemlərə səbəb olub. Yüzlərlə reys ləğv edilib, çox sayda uçuş isə uzun müddət gecikib.
Ölkənin hava hərəkətinin idarə olunmasına cavabdeh Milli Hava Hərəkəti Xidməti (NATS) problemin uçuşların emalı sistemində yarandığını bildirib. Texniki mütəxəssislər nasazlığın aradan qaldırılması üçün işə başlayıblar. Böyük Britaniyanın hava məkanının tam bağlanmadığı, uçuşların müəyyən məhdudiyyətlərlə davam etdirildiyi qeyd olunub.
İlkin mərhələdə təxminən 300 reysin ləğv edildiyi bildirilsə də, sonradan bu rəqəm artıb. “Flightradar24”ün məlumatlarına görə, Böyük Britaniya hava limanlarına və buradan digər istiqamətlərə həyata keçirilməli olan təxminən 425 reys ləğv edilib.
“British Airways”, “easyJet”, KLM və “Lufthansa” da daxil olmaqla bir sıra aviaşirkətlərin reyslərində problemlər yaranıb. Hitrou hava limanında yüzlərlə uçuş gecikib, Qatvik, Mançester, Birmingem və Londonun digər hava limanlarında da ciddi ləngimələr qeydə alınıb. Problemin təsiri Avropanın bəzi reyslərinə də yayılıb.
Daha sonra NATS texniki nasazlığın aradan qaldırılması üçün lazımi düzəlişlərin edildiyini və sistemin yenidən işləməyə başladığını bildirib. Bununla belə, yaranmış sıxlıq səbəbindən uçuşların tam normal rejimə qayıtmasının müəyyən vaxt aparacağı qeyd olunub.
Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reyslərinin vəziyyətini aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə edilib. “easyJet” nasazlığın Avropa üzrə uçuşlarda da gecikmələrə səbəb olduğunu, Dublin hava limanı isə Böyük Britaniya ilə əlaqəli bəzi reyslərin təsirləndiyini bildirib.

