Sinqapur hökuməti Baş nazir Lourens Vonqun illik maaşının 1,4 milyon Sinqapur dolları artırılacağını bildirib. Hazırda da dünyanın ən yüksək maaş alan siyasi liderlərindən biri olan Vonqun illik gəliri 60 faizdən çox artaraq 3,6 milyon Sinqapur dollarına (təxminən 2,8 milyon ABŞ dolları) çatacaq.
Hazırda baş nazirin illik əməkhaqqı paketi 2,2 milyon Sinqapur dolları təşkil edir. Yeni qərar çərçivəsində ölkədə nazirlərin və yüksək vəzifəli dövlət məmurlarının maaşlarının da artırılması nəzərdə tutulur.
Lourens Vonq isə maaş artımından əldə edəcəyi əlavə gəliri növbəti beş il ərzində xeyriyyə təşkilatlarına bağışlayacağını bildirib.
Məlumata görə, Vonq maaş artımından əvvəl də dünyanın ən yüksək maaş alan siyasi liderləri arasında ilk sırada yer alırdı. Müqayisə üçün, Honkonqun başçısı Con Li ildə təxminən 719 min, İsveçrə Prezidenti Gi Parmelen 606 min, ABŞ Prezidenti Donald Tramp isə 400 min dollar maaş alır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın illik maaşının iyul artımından sonra təxminən 87,9 min dollar olduğu hesablanır.
Vonq nazirlərin maaşlarının Sinqapur vətəndaşlarının əksəriyyətinin gəlirlərindən xeyli yüksək olması ilə bağlı tənqidləri başa düşdüyünü deyib. Bununla belə, o, biznes dünyasının uğurlu nümayəndələrini və yüksək səviyyəli mütəxəssisləri siyasətə cəlb etməyin getdikcə çətinləşdiyini vurğulayıb.
Baş nazir bildirib ki, yüksək maaşlar istedadlı sinqapurluları dövlət idarəçiliyinə cəlb etməyə və ölkə üçün mümkün qədər güclü komanda formalaşdırmağa imkan verəcək.
Yeni qərarla nazirlərin təxminən 1,1 milyon Sinqapur dolları olan illik baza əməkhaqqının 1,2 milyon dollara qaldırılması planlaşdırılır. Performansa görə ödənişlər də nəzərə alındıqda, əksər nazirlərin illik gəliri təxminən 1,35 milyon Sinqapur dollarına çata bilər.
Sinqapur hökuməti uzun illərdir yüksək vəzifəli şəxslərə yüksək maaş verilməsinin korrupsiyanın qarşısının alınmasına kömək etdiyini müdafiə edir. Lakin ölkədə median aylıq gəlirin 5 775 Sinqapur dolları olması fonunda siyasətçilərin maaşlarının artırılması ictimai müzakirələrə və tənqidlərə səbəb olub.

