Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlardan imtina etmədiyini bildirib.
Lavrov Moskvada xarici diplomatik nümayəndəliklərin təmsilçiləri ilə keçirilən görüşdə bildirib ki, Rusiya ciddi danışıqlara hazırdır və müzakirələr Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli, yaxud ikitərəfli formatda keçirilə bilər.
“Danışıqlardan imtina etməmişik. Danışıqlar üçtərəfli və ya ikitərəfli ola bilər”, – Lavrov bildirib.
Rusiya XİN rəhbəri eyni zamanda danışıqların davam etdiyi müddətdə Moskvanın hərbi əməliyyatları dayandırmayacağını deyib. Lavrov bunu 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna arasında aparılmış danışıqların təcrübəsi ilə əsaslandırıb və Moskvanın “məqbul kompromislər” tapmağa hazır olduğunu bildirib.
Lavrov ABŞ-nin İran məsələsində həll qarşılığında Ukrayna ilə bağlı Rusiyaya hər hansı “takas” təklif etmədiyini də bildirib. Onun sözlərinə görə, Moskva Vaşinqtonun Ukrayna müharibəsinin başa çatdırılmasına yönəlmiş təşəbbüslərini müsbət qiymətləndirir.

