ABŞ-nin 400 ən varlı insanının ümumi sərvəti tarixi maksimuma çataraq 8 trilyon dollar təşkil edib. Bu barədə “Forbes”un 2026-cı il reytinqində bildirilir. Bir il ərzində siyahıdakı milyarderlərin ümumi sərvəti 1,4 trilyon dollar artıb.
Reytinqə düşmək üçün tələb olunan minimum sərvət də rekord həddə — 4,4 milyard dollara yüksəlib. Bu, ötən illə müqayisədə 600 milyon dollar çoxdur. ABŞ-də 590 milyarderin sərvəti isə siyahıya daxil olmaq üçün kifayət etməyib.
Siyahıya ardıcıl beşinci il İlon Mask başçılıq edir. “Forbes” onun sərvətini 908 milyard dollar qiymətləndirib. Bir il əvvəl bu göstərici 428 milyard dollar idi. Maskın sərvətindəki kəskin artım əsasən “SpaceX”in iyunda tarixinin ən böyük IPO-su ilə birjaya çıxmasından sonra baş verib.
İkinci pillədə 378 milyard dollarlıq sərvətlə “Amazon”un qurucusu Ceff Bezos, üçüncü yerdə isə 278 milyard dollarla “Google”un həmtəsisçisi Larri Peyc qərarlaşıb. Dördüncü yeri süni intellekt serverlərinə tələbatın artmasından faydalanan “Dell Technologies”in qurucusu Maykl Dell, beşinci yeri isə “Google”un digər həmtəsisçisi Sergey Brin tutub.
Bu il reytinqə 34 yeni milyarder daxil olub. Onların arasında ən varlı yeni iştirakçı “OpenAI”ın həmtəsisçisi Qreq Brokmandır. Onun sərvəti 25,5 milyard dollar qiymətləndirilir və o, siyahıda 45-ci yerdədir.
Qadınlar arasında ən yüksək mövqeni “Walmart”ın qurucusu Sem Uoltonun varisi Elis Uolton tutub. Ümumilikdə “Forbes 400” siyahısında 62 qadın yer alıb.

