ABŞ üçüncü ölkələrdən olan miqrantların deportasiya edilərək qəbul olunması məqsədilə 31 dövlətlə saziş bağlamaq üçün 410 milyon dollar ayırmağı planlaşdırır.
“The Washington Post” qəzeti hökumət sənədlərinə istinadən yazır ki, Vaşinqton bununla bağlı Afrika və Latın Amerikası ölkələri ilə danışıqlar aparır.
Məlumata görə, prosesə ABŞ-ın Remiqrasiya İdarəsinin rəhbəri Kristian Erhardt başçılıq edir. O, müvafiq sazişlərin bağlanması məqsədilə artıq Kot-d’İvuar, Qambiya, Qvineya-Bisau, Toqo və Qabona səfər edib.
Qəzetin məlumatına əsasən, ABŞ 81 milyon dolları birbaşa xarici dövlətlərə, 179 milyon dolları Beynəlxalq Miqrasiya Təşkilatına, 124 milyon dolları isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına ödəməyi nəzərdə tutur.
“The Washington Post” jurnalistləri qeyd ediblər ki, Ağ Ev bundan əvvəl də miqrantları heç bir əlaqələrinin olmadığı üçüncü ölkələrə deportasiya edib. Belə ki, Çin, Rusiya, İran və Əfqanıstan vətəndaşları Kosta-Rikaya, Vyetnam, Laos, Kuba və Yamayka vətəndaşları isə Esvatiniyə göndərilib.

