Böyük Britaniyanın hərbi kosmik əməliyyatlarına rəhbərlik edən aviasiya general-mayoru Ceymi Tompson vəzifəsindən müvəqqəti uzaqlaşdırılaraq saxlanılıb. Onun barəsində oğurluq və ağır xarakterli cinsi cinayət şübhələri ilə bağlı araşdırma aparılır.
Sky News telekanalı mənbələrinə istinadən xəbər verir ki, Tompsonla bağlı iki ayrı cinayət işi araşdırılır.
Məlumata görə, oğurluqla bağlı cinayət işinin materialları artıq hərbi prokurorluğa göndərilib. Prokurorluq araşdırmanın növbəti mərhələsi və mümkün ittihamların irəli sürülməsi ilə bağlı qərar qəbul etməlidir.
General-mayorun adı hallanan ikinci cinayət işi üzrə isə istintaq davam edir. Söhbət yetkinlik yaşına çatmış şəxsə qarşı törədildiyi iddia olunan ağır xarakterli cinsi cinayətdən gedir.
Ağır Cinayətlərin İstintaqı Komandanlığından bildirilib ki, araşdırma yekunlaşana qədər hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat açıqlanmayacaq.

