Roma Papası XIV Leo Fransaya dördgünlük səfərinin əvvəlində süni intellektin yaratdığı təhlükələrlə bağlı xəbərdarlıq edib.
Yelisey sarayında kilsə və dövlət nümayəndələri qarşısında çıxış edən pontifik bəşəriyyəti “maşınlar cənnətində öz insanlığını itirməməyə” çağırıb.
Cümə günü səhər saatlarında Roma Papasını Parisin Orli hava limanında Fransa Prezidenti Emmanuel Makron şəxsən qarşılayıb. Daha sonra tərəflər prezident iqamətgahında danışıqlar aparıblar.
Yelisey sarayında çıxış edən XIV Leo süni intellektin insanların gündəlik həyatına sürətlə daxil olmasının etik seçimlər etməyi öyrənməyi daha da vacib hala gətirdiyini vurğulayıb.
“Gündəlik həyatımıza daxil olan və onu dəyişdirən maşınlar cənnətində öz insanlığımızı qorumaq istəyiriksə, etik seçimlər etməyi öyrənmək məsələsi ilə təcili məşğul olmalıyıq”, – deyə pontifik bildirib.
Roma Papası çıxışında beynəlxalq münasibətlərə də toxunub. O, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində aparılan dialoqun bəzi siyasətçilərin və hökumətlərin eqoist yanaşmaları səbəbindən təhlükə altında olduğunu qeyd edib.
XIV Leo bir sıra dünya liderlərinin qanunlara və hüququn aliliyinə münasibətindən narahatlığını da ifadə edib. Pontifik çıxışında konkret şəxslərin adlarını çəkməyib.
“Hakimiyyətdə olanlar hüquqa hörmət etmək əvəzinə, öz maraqlarına uyğun gələndə ondan danışır, onları məhdudlaşdıranda isə ona məhəl qoymurlar. Hətta ədalət mühakiməsinə sanki alınıb-satıla bilən bir əşya kimi yanaşaraq onu təhdid edirlər”, – deyə Roma Papası bildirib.

