ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton İsrailin baş naziri Benyamin Netanyahu və onun hökumətinin siyasətini sərt tənqid edib.
MS NOW kanalında yayımlanan proqramda danışan Klinton İsrailə münasibəti ilə Netanyahu hökumətinə münasibətinin fərqli olduğunu vurğulayıb.
“Mən İsraili sevirəm, Netanyahu hökumətinə və onun siyasətinə isə nifrət edirəm. Amerikanı sevirəm, Tramp hökumətinə və onun siyasətinə də nifrət edirəm”, – Klinton bildirib.
Klinton həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın 7 oktyabr 2023-cü il hadisələrindən əvvəl Netanyahunu Qəzza zolağından mümkün hücumla bağlı xəbərdar etdiyinə dair yayılan məlumatlara toxunub.
“Mən onun nə düşündüyünü bilmirəm, amma bu, liderlik uğursuzluğu idi”, – ABŞ-nin keçmiş dövlət katibi deyib.
Klinton Netanyahu yenidən İsrailin baş naziri seçiləcəyi təqdirdə Vaşinqtonun mövqeyinin daha sərt olmalı olduğunu bildirib.
“Əgər israillilər yenidən ona səs vermək istəyirlərsə, məncə, ABŞ çox sərt mövqe tutmalıdır”, – Klinton vurğulayıb.
O, işğal altındakı İordan çayının qərb sahilində israilli məskunlaşanların fələstinlilərə qarşı zorakılığı məsələsinə də toxunub. Klinton gələcək baş nazirin bu cür zorakılığa qarşı ciddi tədbirlər görəcəyinə ümid etdiyini deyib.
“Belə zorakılıq cəzasız qalmamalıdır. Bu, fələstinlilərə qarşı ədalətsiz, pis və yanlışdır”, – Klinton bildirib.

