Mərakeş kralı VI Məhəmməd Əslilik və Müasirlik Partiyasının (PAM) kollektiv rəhbərliyinin koordinatoru Fatimə Zəhra əl-Mənsurini yeni hökuməti formalaşdırmaqla vəzifələndirib.
Mərakeş Kral Sarayının məlumatına görə, kral sentyabrın 29-da Rabatdakı Kral Sarayında əl-Mənsurini qəbul edib, onu hökumət başçısı təyin edib və yeni kabineti formalaşdırmağı tapşırıb. Bununla da əl-Mənsuri Mərakeş tarixində hökumətə rəhbərlik edən ilk qadın olub.
Mərakeş Konstitusiyasının 47-ci maddəsinə əsasən, kral Nümayəndələr Palatasına seçkilərdə ən çox yer qazanan partiyadan hökumət başçısını təyin edir. Hökumətin digər üzvləri isə hökumət başçısının təqdimatı əsasında kral tərəfindən təyin olunur.
Sentyabrın 23-də keçirilən parlament seçkilərində PAM 395 yerdən 97-ni qazanaraq birinci olub. Milli Müstəqillər Birliyi (RNI) 66, İstiqlal Partiyası 65, Ədalət və İnkişaf Partiyası (PJD) isə 54 mandat əldə edib.
Parlamentdə hökumət çoxluğu üçün ən azı 198 mandat tələb olunduğundan, yeni koalisiyanın yaradılması üçün partiyalar arasında danışıqlar aparılacaq.

