Xaçmaz rayonunda fəaliyyət göstərən Nasib Abudov adına Çarxı kənd Ümumi orta məktəbində ciddi narazılıq yaradan iddialar gündəmə gəlib.
DenMedia.az xəbər verir ki, məktəbin direktoru Raziyə Nəcəfovanın şəxsi maraqlarına uyğun idarəçilik həyata keçirdiyi bildirilir.
Şikayətçi Vüqar Mustafayevin iddiasına görə, məktəbdə gecə növbəsində çalışır və uzun müddətdir əsassız təzyiqlərlə üz-üzə qalır. Belə ki, ona səbəbsiz yerə töhmətlər yazılır, növbə çəkməsi üçün ayrıca otaq ayrılmır. Digər nəzarətçi isə, əksinə, iş yerində ümumiyyətlə görünmədiyi halda heç bir cəza almadan çalışmaqda davam edir.
İddialara əsasən, direktor Raziyə Nəcəfova bu təzyiqlərlə məqsədli şəkildə işçini işdən bezdirərək onu məcburi şəkildə ayrılmağa vadar etmək istəyir. Məqsəd isə, həmin vəzifəyə özünə yaxın şəxsi təyin etməkdir.
Hadisə ilə bağlı zərərçəkən işçi dəfələrlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə şikayət etsə də, indiyədək heç bir tədbir görülmədiyi deyilir. Bu isə təhsil sistemində ciddi məsuliyyətsizlik və laqeydlik kimi qiymətləndirilir.
Nüşabə Baxşıyeva
DenMedia.az