Xaçmaz Rayon Nasib Abudov adına Çarxı kənd Ümumi orta məktəbin direktoru Raziyə Nəcəfova məktəbin gözətçisi Vüqar Mustafayevin irəli sürdüyü ittihamlara münasibət bildirib.
Direktor DenMedia.az-a açıqlamasında qeyd edib ki, yayılan iddialar həqiqəti əks etdirmir və məsələnin kökündə əmək intizamının pozulması dayanır.
Raziyə Nəcəfovanın sözlərinə görə, Vüqar Mustafayevin bacısı hal-hazırda məktəbdə direktor müavini vəzifəsində çalışır, lakin məktəbə yeni direktor təyin olunanadək bir müddət direktor əvəzi vəzifəsini icra edib. Həmin dövrdə Vüqar Mustafayev vəzifəsindən sui-istifadə edərək illərlə işə vaxtında gəlməməyə vərdiş edib. Yeni rəhbərlik onun əmək intizamına ciddi yanaşmasını tələb etdikdə isə tərəflər arasında ziddiyyət yaranıb.
“Vüqar Mustafayev köhnə vərdişlərindən əl çəkmək istəməyərək müxtəlif bəhanələrlə işdən yayınmağa, işinə laqeyd yanaşmağa davam edib. Ona bunun yolverilməz olduğunu izah etdiyim zaman işçilərin gözü qarşısında rəhbərliyə qarşı kobud rəftar göstərib, indiyə qədər necə işləyibsə elə də davam edəcəyini, əks halda məktəb rəhbərliyini şərləyəcəyi ilə hədələyib,” – deyə direktor bildirib.
Raziyə Nəcəfova əlavə edib ki, Vüqar Mustafayevin bu hərəkətləri rəsmi şəkildə aktlaşdırılıb və dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq işində müsbət dəyişiklik baş verməyib. Bu səbəbdən məktəb rəhbərliyi tərəfindən ona töhmət verilib.
Direktor həmçinin qeyd edib ki, Vüqar Mustafayev bir neçə gün əvvəl digər gözətçinin növbəsində məktəbə sərxoş halda daxil olaraq qeyri-etik davranışlar nümayiş etdirib və həmkarını təhdid edib.
“Bütün bu faktlar rəsmi sənədlərlə təsdiqlənib. Məktəbin normal fəaliyyətinə mane olan hər hansı məsuliyyətsizliyə və intizamsızlığa göz yummayacağıq,” – deyə Raziyə Nəcəfova vurğulayıb.
Xatırladaq ki, şikayətçi Vüqar Mustafayev sözügedən məktəbdə gecə növbəsində gözətçi çalışdığını və uzun müddətdir direktor tərəfindən əsassız təzyiqlərlə üz-üzə qaldığını iddia edirdi.
Ellada Rəsul
DenMedia.az