UNEC-in rektoru, professor Ədalət Muradov sosial şəbəkə hesabında Süni İntellektin təhsildə tətbiqi, fərdi öyrənmə yanaşmasının əhəmiyyəti, eləcə də Sİ-nin yaratdığı yeni imkanlarla bağlı fikirlərini bölüşüb. Rektor hesab edir ki, sürətlə dəyişən dünyada öyrənmə artıq “hamı üçün eyni” yanaşma ilə məhdudlaşmır. Bəllidir ki, hər bir insanın özünəməxsus güclü və zəif tərəfləri, fərqli öyrənmə maraqları və məqsədləri var. Bu isə təhsildə hər bir təhsilalana fərdi və fərqli yanaşmanı vacib edir. Fərdi öyrənmədə bu gün Süni İntellektin (Aİ) alternativi yoxdur.
Denmedia.az-ın baş redaktoru, tanınmış telejurnalist Nizami Rəsulov UNEC-in rektoru, professor Ədalət Muradovun paylaşdığı fikirləri şərh edib.
Onun sözlərinə görə, Ədalət Muradovun fikirləri müasir təhsilin hansı istiqamətdə inkişaf etdiyini aydın şəkildə ortaya qoyur. Sürətlə dəyişən dünyada artıq standart, hamı üçün eyni proqramlarla öyrənmənin effektivliyi azalır və fərdi yanaşma əsas prioritetə çevrilir. Bu baxımdan Süni İntellektin təhsilə inteqrasiyası təsadüfi deyil, zəruri və qaçılmaz bir prosesdir.
Professor Ədalət Muradovun vurğuladığı kimi, Süni İntellekt hər bir təhsilalanın bilik səviyyəsini, maraqlarını və öyrənmə sürətini analiz edərək ona uyğun fərdi öyrənmə planı formalaşdırır. Bu yanaşma öyrənməni daha məqsədyönlü, maraqlı və səmərəli edir. Aİ texnologiyaları böyük həcmdə məlumatı təhlil etməklə təhsilalanın hansı mövzuda çətinlik çəkdiyini müəyyən edir, vaxtında müdaxilə edərək boşluqların dərinləşməsinin qarşısını alır. Nəticədə təhsilalan mövzuları mexaniki deyil, tam dərk edərək mənimsəyir.
Fərdi öyrənmənin üstünlüklərindən biri də motivasiyanın artmasıdır. Aİ tərəfindən tövsiyə olunan uyğun məzmun və çevik öyrənmə tempi təhsilalanın özünə inamını artırır, öyrənmə prosesini stresssiz və maraqlı edir. Dərhal verilən geribildirim isə təhsilalanın hansı mərhələdə olduğunu aydın şəkildə göstərir və onu daha məsuliyyətli olmağa təşviq edir. Eyni zamanda Aİ alətlərinin istənilən vaxt və məkanda istifadəsi təhsili daha əlçatan və elastik edir.
Bütün bunlar göstərir ki, Süni İntellektin tətbiqi təkcə texnoloji yenilik deyil, təhsildə keyfiyyətli transformasiyadır. Bu yanaşma insan potensialının daha düzgün üzə çıxarılmasına, rəqabətqabiliyyətli və müasir düşüncəli kadrların yetişdirilməsinə xidmət edir. UNEC rəhbərliyinin bu istiqamətdə səsləndirdiyi fikirlər Azərbaycanın ali təhsil sisteminin gələcəyə doğru inamlı addımlarla irəlilədiyini göstərir.

Nizami Rəsulov-Jurnalist
Ellada Rəsul
Denmedia.az

