Müasir dövrdə ali təhsilin əsas məqsədi yalnız bilik ötürmək yox, eyni zamanda analitik düşünən, peşəkar bacarıqlara yiyələnən, qlobal çağırışlara cavab verə bilən mütəxəssislər yetişdirməkdir. Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkəmizin aparıcı ali təhsil ocaqlarından biri kimi nümunəvi model formalaşdırmağı bacarıb.
Bu sözləri Denmedia.az-a Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-in Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev deyib.
Onun sözlərinə görə, son illərdə UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar demək olar ki, öz real nəticələrini verib. Universitetdə tətbiq olunan müasir tədris metodları, innovativ yanaşmalar və tələbəyönümlü akademik mühit biliklərin daha effektiv mənimsənilməsinə imkan yaradır. Peşəkar və yüksək elmi potensiala malik müəllim heyəti dərsləri yalnız nəzəri çərçivədə deyil, praktiki düşüncə, analitik yanaşma və tədqiqat ruhu əsasında təşkil edir.
UNEC-də istər əyani, istərsə də qiyabi təhsil alan tələbələr üçün bərabər akademik imkanlar yaradılıb. Tədris prosesində rəqəmsal texnologiyaların tətbiqi, elektron resurslardan geniş istifadə və interaktiv dərs modelləri tələbələrin bilik və bacarıqlarının inkişafına mühüm töhfə verir. Bu yanaşma təhsildə şəffaflığı və keyfiyyəti artırmaqla yanaşı, tələbələrin universitetə olan inamını da möhkəmləndirir.
Universitet eyni zamanda elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə xüsusi önəm verir. UNEC elmi biliklərin formalaşdığı, ideyaların yetişdiyi və innovativ düşüncənin təşviq edildiyi bir mərkəz kimi çıxış edir. Tələbələrin elmi konfranslara, seminar və tədqiqat layihələrinə cəlb olunması onların akademik inkişafına və gələcək karyera perspektivlərinə müsbət təsir göstərir.
Təsadüfi deyil ki, UNEC tələbələrinin böyük əksəriyyəti seçdikləri ali təhsil müəssisəsindən olduqca razıdır. Bu məmnunluğun əsasında güclü tədris sistemi, peşəkar müəllimlər, müasir infrastruktur və sağlam akademik mühit dayanır.
Nəticə etibarilə, Azərbaycan Dövlət İqtisad Universiteti bu gün təkcə ali təhsil ocağı yox, eyni zamanda elmin, bilik və intellektual inkişafın mərkəzi kimi formalaşıb. Hazırda UNEC-in strateji baxışı və davamlı inkişaf xətti onu regionun nüfuzlu universitetlərindən birinə çevirməkdədir.













































Nizami Rəsulov
Denmedia.az

