Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında fəaliyyət göstərən İctimai Şura təsdiq olunmuş yeni tərkibi ilə cari ildə ilk iclasını keçirilib.
İclas çərçivəsində Şura üzvləri filialda təşkil olunmuş imtahan prosesində iştirak etmiş, imtahanların gedişi, qiymətləndirmənin kodlaşdırma mexanizmi, şəffaflığın və obyektivliyin təmin olunması və digər təşkilatı məsələlərlə yaxından tanış olmuşlar. Eyni zamanda filialın mövcud infrastrukturu, struktur bölmələr, auditoriyalar, laboratoriyalar və maddi-texniki baza yerində baxış yolu ilə qiymətləndirilib
Daha sonra keçirilən iclasda İctimai Şuranın rəsmi sənədləri – Şuranın Əsasnaməsi, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr müzakirə olunub
Şamaxı rayon Ağsaqqallar şurasının sədri, Sosial və xüsusi fənlər kafedrasının dosenti, sədr Alıcanov Mayıl Sədyar oğlu çıxış edərək filialın Strateji İnkişaf Planından irəli gələn əsas hədəflər, ictimai nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın və keyfiyyətin artırılmasının vacibliyindən bəhs etmişdir. O, imtahan prosesinin mütəşəkkil və obyektiv şəkildə təşkil olunduğunu, mövcud maddi-texniki bazanın tədris tələblərinə cavab verdiyini vurğulamışdır. Mayıl Alıcanov şuranın yeni üzvlərini təbrik edərək onları Şuranın fəaliyyət planı ilə də tanış edib
İclasda dəvət olunan qismində çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova Şura üzvlərini salamlayaraq onların fəaliyyətinə uğurlar arzulamış, İctimai Şuranın filial üçün mühüm tərəfdaş olduğunu qeyd edib. Direktor çıxışında tədris prosesinin keyfiyyətinin artırılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və ictimai nəzarətin təmin edilməsinin filial rəhbərliyinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Eyni zamanda Tünzalə Yusifova filialda tələbələrin sosial həyatının zənginləşdirilməsinə, onların ictimai fəallığının artırılmasına xüsusi önəm verildiyini bildirmiş, filialın respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə, konfranslarda fəal iştirak etdiyini diqqətə çatdırıb
Şamaxı Regional Kollecin direktor səlahiyyətlərini müvəqqəti icra edən, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Müslümov Vasif filialın maddi-texniki bazasını, xüsusilə tədris auditoriyalarının vəziyyətini müsbət qiymətləndirmiş, filialda bir çox ixtisaslar üzrə tədrisin inkişafı üçün imkanların mövcud olduğunu qeyd edub. O, filialda yaradılan sağlam və yaradıcı mühitin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini vurğulayıb
Şamaxı şəhər İncəsənət təhsili mərkəzinin direktoru, Əsgərova Yeganə çıxışında filialda tədris prosesinin yalnız biliklərin verilməsi ilə məhdudlaşmadığını, eyni zamanda tələbələrin dünyagörüşünün, estetik zövqünün və mənəvi dəyərlərinin formalaşdırılmasına da diqqət yetirildiyini qeyd edib
Şamaxı Peşə Liseyinin direktoru Tarverdiyev İsmayıl ali və peşə təhsili müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin region üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamış, filialın bu istiqamətdə böyük potensiala malik olduğunu qeyd edib
Azərbaycan Dövlət İnformasiya Agentliyinin və İctimai Televiziyanın bölgə müxbiri, Beynəlxalq Jurnalistlər Federasiyasınln üzvü, Vətən müharibəsi veteranı Rəşidov Rəşad filialda ictimaiyyət üçün açıq və şəffaf mühitin formalaşdırıldığını, imtahan prosesində müşahidə etdiyi obyektivliyin ictimai etimadın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb
Şamaxı şəhər 4 saylı körpələr evi uşaq bağçasınlın müdiri, Dola Jalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının məzunu kimi yenidən doğma təhsil ocağında olmaqdan məmnunluq hissi keçirdiyini bildirmişdir. O, filialın məzunlarının bu gün regionun müxtəlif təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışmasının filialın kadr hazırlığı sahəsində əldə etdiyi uğurların göstəricisi olduğunu qeyd edib
İclasın sonunda İctimai Şura üzvləri filialda yaradılmış şəraiti, imtahanların şəffaf və obyektiv təşkili prosesini yüksək qiymətləndirmiş, qarşıdakı dövrdə filial rəhbərliyi ilə sıx və səmərəli əməkdaşlıq edəcəklərini bildirmişlər.











