İmtahanlarda qayda pozuntuları hallarının tamamilə aradan qalxması çətin görünür. Bu vəziyyət “virus–antivirus” modeli ilə müqayisə oluna bilər: yeni virus yaranan kimi ona qarşı antivirus hazırlanır, yayılma artdıqda isə vaksin tətbiq olunur. Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) bu cür pozuntulardan bir addım öndə olmağa çalışır və bu il də imtahan təhlükəsizliyinin təmin edilməsi üçün yeni tədbirlər planlaşdırılır.
DenMedia.az xəbər verir ki, bu fikirləri Azertac-a açıqlamasında DİM-in İdarə Heyətinin sədri Mələkə Abbaszadə səsləndirib.
Onun sözlərinə görə, yeni təhlükəsizlik tədbirlərinin detalları hələlik açıqlanmır:
“Bu tədbirlər imtahan prosesində iştirak edən şəxslərin hansı mərhələdə yenidən yoxlanılacaqlarını bilməməsinə hesablanıb. İmtahanların hazırlanmasında əsas prinsip nəticələrin intellektual səviyyədə qorunmasıdır.”
M.Abbaszadə əlavə edib ki, statistik təhlil vasitəsilə kimin, harada səhv etdiyini, eləcə də köçürmə hallarını müəyyən etmək mümkündür:
“İmtahanlarda köçürmək istəyən şəxs heç vaxt uğur qazana bilməz.”

