Biləsuvar rayonu Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbi ilə Salyan rayonu Z.Həmidov adına Çuxanlı kənd tam orta ümumtəhsil məktəbi arasında qurulan əməkdaşlıq çərçivəsində “El bilir ki, sən mənimsən…” mövzusunda ədəbi-bədii gecə keçirilib.
Denmedia.az xəbər verir ki, tədbir Azərbaycanın görkəmli şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunub.
Gecədə hər iki məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi şagirdlərə klassik ədəbi irsimizi daha dərindən aşılamaq, vətənpərvərlik ruhunu gücləndirmək və məktəblərarası mədəni əlaqələri möhkəmləndirmək olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca şagirdlər Səməd Vurğunun həyat və yaradıcılığı haqqında ətraflı təqdimatlarla çıxış ediblər. Bildirilib ki, şairin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edir və onun poeziyası milli ruhun, Vətən sevgisinin və humanizmin parlaq ifadəsidir.
Gecə boyu şagirdlər tərəfindən şairin vətənpərvərlik mövzusunda yazılmış şeirləri böyük coşqu ilə səsləndirilib. “El bilir ki, sən mənimsən…” misraları ilə başlayan poetik kompozisiya tədbirin ən yaddaqalan məqamlarından biri olub. Səhnələşdirilmiş ədəbi-bədii kompozisiyalar və səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şagirdlərin ifasında təqdim olunan obrazlar şairin yaradıcılığının ideya-estetik mahiyyətini dolğun şəkildə əks etdirib.
Tədbir çərçivəsində çıxış edən müəllimlər və məktəb rəhbərləri belə görüşlərin şagirdlərin nitq mədəniyyətinin formalaşmasına, bədii zövqünün inkişafına və milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, iki məktəb arasında qurulan əməkdaşlıq gələcəkdə də müxtəlif layihə və tədbirlərlə davam etdiriləcək.
Ədəbi-bədii gecə bir daha göstərdi ki, klassik ədəbiyyatımızın öyrənilməsi və təbliği gənc nəslin milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır. Səməd Vurğunun zəngin irsi bu gün də aktuallığını qoruyur və gənc nəsil üçün vətənpərvərlik, mənəvi saflıq və ədəbi kamillik nümunəsi olaraq yaşayır.




Ellada Rəsul
Denmedia.az

