Bu gün Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.
“DenMedia.az” xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.
Açılışda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. Sonra məktəbin direktoru Zamiq Həmzəyev də çıxış edərək kollektivə uğurlar arzulayıb, məktəbdə yaradılan şərait və qarşıya qoyulan təhsil hədəfləri haqqında məlumat verib.
Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.





















