Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
Denmedia.az xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.
Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində təqdim olunacaq. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 15 sentyabr saat 15:00-dan 22 sentyabr saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

