Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunan brifinqdə bildirib ki, Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi təhsil sahəsində əsas məqsədlərdən biridir.
Nazirin sözlərinə görə, bu istiqamətdə həyata keçiriləcək layihə təxminən 500 min şagirdi əhatə edəcək.
Görülən işlər çərçivəsində Azərbaycan dilinin tədrisinə ayrılan saatların artırılması nəzərdə tutulur. Belə ki, 1–9-cu siniflərdə həftəlik dərs saatı 3-dən 4-ə, 10–11-ci siniflərdə isə 2-dən 3-ə qaldırılacaq.
“Ümid edirik ki, bu, digər dillərdə təhsil alan şagirdlərin Azərbaycanın dövlət dilini daha yaxşı mənimsəmələri üçün əlavə imkan yaradacaq”, – Emin Əmrullayev bildirib.

