Rusiya tərəfinin Azərbaycan Respublikası Milli Məclisinin üzvü Azər Badamovun Moskvada hava limanında saxlanılması və ölkəyə girişinə qadağa qoyulması, iki ölkə arasında diplomatik münasibətlərə təsir göstərə biləcək qeyri-dost bir addım kimi qiymətləndirilir. Bu hadisənin heç bir ilkin xəbərdarlıq və ya məlumat verilmədən baş verməsi vəziyyətin ciddiliyini artırır.
Den.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin açıqlamasına əsasən, məsələ ilə əlaqədar dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, lakin hələlik bu qərarın səbəbləri ilə bağlı turarlı izahat verilməyib. Rusiya XİN-in rəsmiləri isə məsələnin araşdırılacağını bildiriblər.
Bəs bu addımın arxasında nələr dayanır?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov hesab edir ki, Rusiyanın bu addımı, iki ölkə arasında yaranacaq potensial gərginliklər üçün bir siqnal ola bilər. Bu cür hallar beynəlxalq arenada diplomatik problemlərə və təsir dərəcəsinin artmasına səbəb ola bilər. Rusiya tərəfinin qərarının səbəbləri hələlik açıqlanmasa da, Azərbaycanda bu vəziyyətin diqqətlə izlənildiyi və Rusiyadan turarlı bir izahat gözlənildiyi açıq şəkildə ifadə edilmişdir.
Bu hadisənin, iki ölkə arasındakı diplomatik münasibətlərə necə təsir edəcəyi və gələcəkdə hansı addımların atılacağı isə maraqla gözlənilir. İki ölkənin rəsmi nümayəndələrinin bu məsələyə dair hansı mövqeyi tutacağı isə vacib bir məsələ olaraq gündəmdə qalacaqdır.
Ellada Rəsul
Den.az