ABŞ Prezidenti Donald Tramp NBC telekanalının müxbirini Ağ Evdə keçirilən görüş zamanı “axmaq” adlandırıb.
Den.az xəbər verir ki, bu insident Trampın Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə görüşü zamanı baş verib.
Tramp müzakirələr çərçivəsində Ramafosaya Cənubi Afrikada ağdərili əhaliyə qarşı törədilən cinayətlər və qətllərlə bağlı foto və videomateriallar təqdim edib. Daha sonra o, jurnalistlərə sual vermək imkanı yaradıb. “NBC” müxbiri Piter Aleksandr Trampa ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yeni prezident təyyarəsinin Qətər hökuməti tərəfindən təqdim olunması barədə sual ünvanlayıb. Ağ Ev rəhbəri isə bu suala sərt reaksiya verib:
“Bunun Qətər təyyarəsi ilə nə əlaqəsi var? NBC sadəcə bu dəhşətli görüntülərdən mövzunu yayındırmağa çalışır. Siz əsl… necə deyərlər, dəhşətli jurnalistsiniz”, – deyə Tramp bildirib.
Sabiq prezident daha sonra əlavə edib: “Minlərlə insanın öldüyü görüntüləri izlədikdən sonra bu axmaq gəlib belə bir sual verir. Əgər bizdə real jurnalistika, media olsaydı, bu hadisələr ortaya çıxarılardı. Ancaq bizdə elə jurnalistlər yoxdur, çünki medianın özü də bu axmaq kimidir”.
Tramp NBC-ni “yalançı media” adlandırıb və ABC, CBS, NBC telekanallarını ABŞ-dakı ən pis media orqanları adlandıraraq ittiham edib.
“Əgər bizdə düzgün və dürüst media olsaydı, onlar bu məsələləri işıqlandırardılar. Amma indi bizdə yalançı media var və bu səbəbdən heç kim danışmır”, – deyə əlavə edib.