Rusiya Xarici İşlər Nazirliyi İsrail Knessetində qəbul edilən və ölkə suverenliyinin İordan çayının qərb sahilinə qədər genişləndirilməsini nəzərdə tutan bəyannaməyə sərt reaksiya verib.
Den.az Globalinfo.az-a istinadən xəbər verir ki, nazirliyin rəsmi saytında yayımlanan bəyanatda bu qərarın Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə yol aça biləcəyi qeyd olunur.
Bəyanatda vurğulanır ki, İsrail parlamentarilərinin bu addımı Moskvada son dərəcə mənfi qarşılanıb. Rusiya tərəfi hesab edir ki, belə bir sənəd Fələstin ərazilərinin yekun statusu ilə bağlı danışıqların nəticələrini əvvəlcədən müəyyənləşdirir və bu, İsrailin “Oslo prosesi” çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.
Rusiya diplomatiyası bildirir ki, Moskva öz missiyasını birbaşa Fələstin-İsrail danışıqlarına vasitəçilik etməkdə görür və bu prosesin məqsədi İsraillə yanaşı sülh və təhlükəsizlik şəraitində mövcud olacaq müstəqil Fələstin dövlətinin yaradılması olmalıdır.
Eyni zamanda nazirlik ümid edir ki, qəbul olunan bəyannamə İsrail hökuməti tərəfindən praktiki addımlarla dəstəklənməyəcək. Əks təqdirdə, Rusiya xəbərdarlıq edir ki, bu cür hərəkətlər təkcə bölgədə deyil, həm də bütün Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə və proqnozlaşdırılması çətin nəticələrə səbəb ola bilər.