CNN nəşrinin ABŞ -la bağlı son iddiası rezonans doğurub. Məlumata görə, Prezident Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə bu ölkənin ərazisinə zərbələr endirməyi düşünür.
Nəşrin iddiasına əsasən, Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə hərbi zərbələr endirmək və Maduronu zəiflətmək üçün müxtəlif variantlar nəzərdən keçirilib. Telekanalın mənbələri hələlik yekun qərarın verilmədiyini qeyd etsə də, gələcəkdə bu hücumların icrası gözlənilir.
DenMedia.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki,ABŞ -ın Venesuelaya hərbi müdaxiləsi praktik baxımdan mümkündür:
“Yeni zərbələrin endirilməsi ehtimalı da istisna deyil. Lakin belə bir addım Ağ Ev rəhbərinin strateji səhvi kimi qiymətləndirilə bilər. Çünki müasir beynəlxalq münasibətlər sistemində gücdən çox diplomatik imic və siyasi nüfuz ön plana çıxır. Dünyada sülhün təmin olunmasına dəstək verən, hətta Nobel Sülh Mükafatına iddialı bir liderin bu cür aqressiv addıma getməsi onun bütün qlobal mövqelərini zəiflədər.
Əgər Donald Tramp, həqiqətən də, müharibə başlatmayan yeganə ABŞ prezidenti kimi tarixə düşmək istəyirsə, bu imici qorumağa çalışmalıdır. Venesuelaya qarşı hərbi əməliyyatın başlanması Latın Amerikası ölkələrində Vaşinqtona qərəzli münasibəti daha da gücləndirəcək. O cümlədən, regionda anti-Amerika əhval-ruhiyyəsini dərinləşdirəcək. Üstəlik, belə bir hücum həm Çin, həm də son zamanlar münasibətlərin gərginləşdiyi Avropa üçün Vaşinqtonun əleyhinə əlavə bəhanə ola bilər”.
Kənan Novruzov
Siyasi şərhçi bildirib ki, Çin uzun müddətdir Venesuelada iqtisadi və enerji layihələrinə sərmayə yatırır:
“ABŞ-ın hərbi müdaxiləsi Pekinin maraqlarını birbaşa hədəf alacaq və iki nəhəng dövlət arasında yeni qarşıdurma ocağı yaradacaq. Avropa İttifaqı isə humanitar böhrandan və qaçqın axınından narahat olaraq, Ağ Evin bu addımını sərt şəkildə tənqid edə bilər. Beləliklə, hərbi hücum Vaşinqtonun müttəfiqləri ilə münasibətlərinə də ciddi zərbə vurmuş olacaq.
Bütün bu amillər göstərir ki, Venesuelaya qarşı güc tətbiqi ABŞ üçün yalnız qısamüddətli hərbi uğur gətirə bilər. Lakin uzunmüddətli siyasi, diplomatik və iqtisadi nəticələri çox ağır olacaq. Bu səbəbdən ən doğru yol sanksiyalar, diplomatik təzyiqlər və beynəlxalq vasitəçilik mexanizmləri ilə problemi həll etməkdir. ABŞ lideri üçün ən böyük uğur regionu sabitləşdirmək, Venesuelanı beynəlxalq hüquq çərçivəsində demokratik və iqtisadi transformasiyaya təşviq etməkdir. Bu, həm Vaşinqtonun maraqlarına cavab verər, həm də Trampın “sülh istəyən prezident” imicini qoruyar”.