Ölümcül Nipah virusu Hindistanın hüdudlarını aşaraq Cənubi Asiya ölkələrində ciddi narahatlıq yaradıb. The Independent nəşrinin Ümumdünya Səhiyyə Təşkilatına istinadən yaydığı məlumata görə, Banqladeşdə virusdan ölüm halı qeydə alınıb və bu, region ölkələrini epidemioloji nəzarəti gücləndirməyə vadar edib.
Ötən ay Banqladeşin şimal bölgəsində bir qadın Nipah virusu səbəbilə həyatını itirib. Bundan əvvəl Hindistanın Qərbi Benqal ştatında iki yoluxma faktı aşkarlanıb, nəticədə təxminən 200 nəfər karantinə alınıb. Hadisələr fonunda Sinqapur, Tailand və Malayziya ölkəyə daxil olan sərnişinlər üçün temperatur yoxlamalarına başlayıb.
Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı virusun beynəlxalq miqyasda sürətlə yayılma riskinin aşağı olduğunu bildirir. Təşkilat səyahət və ticarət məhdudiyyətlərinin tətbiqini tövsiyə etmir. Qeyd olunur ki, Nipah virusunun ölüm faizi yüksək — 75 faizə qədər olsa da, yoluxuculuq səviyyəsi aşağıdır və bu da geniş yayılmanın qarşısını alır.

