MAQATE müfəttişləri yaxın günlərdə İranın bəzi nüvə obyektlərinə səfər edəcək. Bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami məlumat verib.
Onun sözlərini bazar ertəsi Mehr agentliyi sitat gətirib. Eslami bildirib ki, müharibədən sonra zərər görməmiş obyektlərdə yoxlamalar artıq aparılıb, yaxın günlərdə isə digər bəzi obyektlərə də baxış keçiriləcək.
Qeyd olunub ki, ötən ilin iyununda İsrail və ABŞ zərbələrinə məruz qalmayan obyektlər MAQATE müfəttişləri tərəfindən davam edən əməkdaşlıq çərçivəsində və İranın Ali Milli Təhlükəsizlik Şurasının icazəsi ilə yoxlanılıb.
Eslami vurğulayıb ki, MAQATE normalarına uyğun olaraq İranın hüquqları tam şəkildə təmin edilməlidir.

