“Tehran tərəfi Vaşinqtonun münaqişəni sonlandırmaq üçün irəli sürdüyü genişmiqyaslı sülh planını hələlik cavabsız qoyub”.
“Denmedia.az” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi deyib.
O, ABŞ-nin təqdim etdiyi 15 bəndlik plana hələlik heç bir rəsmi reaksiya vermədiklərini bəyan edib. Nazir bildirib ki, İran tərəfi nəinki cavab göndərməyib, hətta qarşı tərəfə hər hansı alternativ şərt və ya təklif də irəli sürməyib.
Əraqçi Tehranın mövqeyini kəskin şəkildə ifadə edərək, sadəcə atəşkəsi qəbul etməyəcəklərini vurğulayıb:
“Biz hər hansı fasiləni və ya müvəqqəti atəşkəsi deyil, bütün regionda hərbi əməliyyatların tamamilə dayandırılmasını və müharibənin sonunu tələb edirik. Yalnız bu halda razılaşma mümkündür”.
Əraqçi həmçinin təsdiqləyib ki, o, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffdan birbaşa mesajlar almağa davam edir. Lakin o, bu təmasların rəsmi danışıqlar masası mənasına gəlmədiyini, sadəcə “mesaj mübadiləsi” olduğunu bir daha xatırladıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hərbi əməliyyat regionda domino effekti yaradıb. Belə ki, əməliyyatların ilk günündə İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Buna cavab olaraq İran İsrail ərazisinə və ABŞ-nin Fars körfəzindəki bazalarına raket zərbələri endirməkdə davam edir.

