Fənərbağçanın keçmiş prezidenti Aziz Yıldırımın evinə qızına xidmət göstərmək üçün gedən gözəllik ustası qəfil vəfat etdiyi iddiaları ilə bağlı ilk açıqlama verilib.
Aziz Yıldırımın qızı Yaz Yıldırım məsələ ilə bağlı sosial media hesabında paylaşım edib. O, yayılan xəbərlərin gerçəyi əks etdirmədiyini və hadisənin onların evində baş vermədiyini bildirib.
“Bu gün xəbər mövzusu olan hadisənin mənimlə heç bir əlaqəsi yoxdur və sözügedən olay bizim evimizdə baş verməyib. Bəzi media orqanlarında hadisənin sanki bizim evimizdə yaşandığı təəssüratı yaradıldığı üçün bu açıqlamanı verməyə ehtiyac duydum”, — deyə Yaz Yıldırım qeyd edib.
Məlumata görə, manikür və pedikür xidməti göstərmək üçün İstanbulun Üsküdar rayonuna bağlı Kandilli məhəlləsindəki evlərdən birinə gedən Derya Gündoğdu pilləkənlə qalxarkən qəfil halı pisləşib və yerə yıxılıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Təhlükəsizlik kameralarının görüntülərində də Gündoğdunun qəfil narahatlanaraq yıxıldığı anların əks olunduğu bildirilir.
Hüquq-mühafizə orqanları qadının dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladıb.

