Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail Qəzza sektorunda sülhün əldə olunmasında maraqlı deyil və beynəlxalq danışıqlar platformalarından öz siyasətini irəli aparmaq üçün istifadə edir.
Fidan bu barədə Əmmanda jurnalistlərə açıqlamasında danışıb. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı görüntülərə görə, təxminən 20 islam ölkəsinin nümayəndəsinin qatıldığı görüşdə əsas diqqət Əl-Əqsa məscidi ətrafındakı vəziyyətə, İsrailin addımlarına və mümkün cavab tədbirlərinə yönəlib.
“İsrail sülhə nail olmaq niyyətində deyil. O, bütün beynəlxalq platformalardan yalnız öz mövqeyini irəli aparmaq və qanunsuz strategiyasını həyata keçirmək üçün istifadə edir”, – deyə Fidan bildirib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan Qəzza üzrə sülh planının icrasını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüş iştirakçıları dörd ölkənin rəhbərliyinə təqdim olunacaq bir sıra qərarlar hazırlayıblar.
Fidan əlavə edib ki, Türkiyə müharibənin dayandırılmasını, Yaxın Şərqdə gərginliyin azaldılmasını, Hörmüz boğazının açılmasını və uzunmüddətli regional təhlükəsizlik sisteminin yaradılmasını dəstəkləyir.
O, həmçinin HƏMAS-ın sülh planı çərçivəsində öhdəliklərini yerinə yetirdiyini, İsrailin isə planın icrasına mane olduğunu iddia edib.

