İran və Oman yaxın günlərdə Hörmüz boğazından keçid üçün razılaşdırılmış dəhliz elan edəcəklər. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib.
“İranın idarə edəcəyi yeni beynəlxalq dəhliz Omanlı qardaşlarımızla razılaşdırılıb və yaxın günlərdə elan olunacaq”, – İranın dövlət mediası Rezayinin sözlərini sitat gətirib.
O, həmçinin yaxın günlərdə Hörmüz boğazından kənarda yeni qadağan zonanın elan ediləcəyini bildirib.
Rezayinin sözlərinə görə, Tehranla razılaşdırılmadan bu əraziyə daxil olan istənilən gəmi sanksiya siyahısına salınacaq.
O dəqiqləşdirib ki, zona “ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayacaq və Fars körfəzinin bəzi hissələrinədək uzanacaq”, həmçinin yükləmə limanlarınadək olan ərazini əhatə edəcək.
Rezayi Hörmüz boğazının “tamamilə bağlı olduğunu və İran Silahlı Qüvvələrinin nəzarətində olduğunu” da bildirib və ABŞ Prezidentinin bunun əksini söyləyən bəyanatlarını yalan adlandırıb.
“Amerikalılar beş-altı gəmini gizli şəkildə keçirməyə çalışırlar. Bu, onlara baha başa gəlir və həmin gəmilər adətən hücumlara məruz qalır”, – o əlavə edib.
Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, İran Amerika gəmilərini batırmamaq qərarına gəlib, çünki “onlarda neft daşınır və bu, regionun ətraf mühitinə zərər vura bilər”.
Rezayinin sözlərinə görə, Vaşinqton təhdid və təcavüzü dayandırmayacağı, eləcə də İranın etimadını bərpa etməyəcəyi təqdirdə Tehran Hörmüz boğazının açılması ilə bağlı heç bir öhdəlik götürməyəcək.
“Danışıqların davam etməsi üçün amerikalılar İranın etimadını qazanmalıdırlar”, – Rezayi bildirib.
Onun sözlərinə görə, İran yalnız ABŞ-nin Tehrana təhdid yaratmayacağı halda Hörmüz boğazında gəmiçiliyə mane olmamağı öhdəsinə götürəcək.
Rezayi həmçinin ABŞ sanksiyaları fonunda İranda mal qıtlığı yaranması ilə bağlı yayılan xəbərləri təkzib edib. O bildirib ki, neft satışı davam edir, gəlirlər ölkəyə qaytarılır və əsas məhsullar üzrə strateji ehtiyatlar sabit qalır.
Denmedia.az

