İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ hərbi bazasına zərbə endirib.
“Reuters”in İran mediasına istinadən yaydığı məlumata görə, hücum ABŞ-nin İran neft tankerlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
“Press TV” telekanalının məlumatına görə, İordaniyadakı Əl-Əzraq aviabazasında F-35, F-16 və F-15 qırıcılarının yerləşdirildiyi və texniki xidmət göstərildiyi ərazilər hədəfə alınıb. İran tərəfi hücum nəticəsində obyektlərə “ciddi ziyan” dəydiyini bildirir.
Bundan əvvəl İran mediası ABŞ qüvvələrinin Fars körfəzində, Cask adası yaxınlığında İrana məxsus iki tankerə zərbə endirdiyini, daha sonra isə üçüncü gəminin də hücuma məruz qaldığını bildirmişdi.
Tərəflər arasında qarşıdurma iyunun ortalarında sülh memorandumunun imzalanmasından sonra bir müddət səngisə də, təxminən üç həftə sonra qarşılıqlı zərbələr yenidən başlayıb.
Avqustda ABŞ Prezidenti Donald Tramp İrana qarşı “misli görünməmiş miqyasda təcrid” adlandırdığı iqtisadi əməliyyatın başladığını elan edib. İranın xarici işlər naziri Abbas Araqçi isə bunu Vaşinqtonun qarşıdurmada məğlubiyyətini etiraf etməsi kimi qiymətləndirib.

