ABŞ Silahlı Qüvvələri İrandakı hərbi hədəflərə yeni zərbələr endirməyə başlayıb.
Axios-un jurnalisti Barak Ravid amerikalı rəsmiyə istinadən yazır ki, əməliyyat İranın İordaniyadakı ABŞ hərbi bazasına ballistik raketlərlə hücum cəhdinə cavab olaraq həyata keçirilir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun Tehranın gecə saatlarında həyata keçirdiyi hücuma sərt cavab verəcəyini açıqlamışdı.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyadakı Amerika qüvvələrinə doğru bir neçə ballistik raket buraxıb. Raketlərin hamısının hədəfə çatmadan zərərsizləşdirildiyi, ABŞ hərbçiləri arasında itki olmadığı bildirilib.
Reuters yazır ki, ABŞ-ın son zərbə dalğası zamanı İranın komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatı infrastrukturu, sahil müdafiə obyektləri və dəniz qüvvələrinə aid hədəflər vurulub.
Tərəflərin qarşılıqlı hücumları bölgədə daha genişmiqyaslı hərbi eskalasiya riskini artırıb.

