Şəki rayonunda yerləşən “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanıb.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən istirahət mərkəzində iki nəfərin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Ucal Asif oğlu Bayramov və 1995-ci il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədzadə “Zipline” attraksionundan istifadə edərkən kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb.
Nəticədə əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı isə zədələnib. Hər iki şəxs hündürlükdən yıxılaraq hadisə yerində həyatını itirib.
Prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçiriblər. İş üzrə məhkəmə-tibbi, texniki və təhlükəsizlik məsələləri ilə bağlı ekspertizalar təyin olunub, zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 314.3-cü maddəsi – iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq üzrə cinayət işi başlanıb.
Hazırda istintaq zamanı hadisənin başvermə səbəbləri və şəraiti, “Zipline” avadanlığının texniki vəziyyəti, eləcə də onun istismarının təhlükəsizlik tələblərinə uyğun olub-olmaması araşdırılır.
Baş Prokurorluq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra və istintaqın gedişinə mənfi təsir göstərə biləcək yoxlanılmamış məlumatları yaymamağa çağırıb.

