Böyük Britaniyada sağalmaz xəstələr üçün evtanaziyanın leqallaşdırılması ilə bağlı yeni cəhd gündəmə gəlib.
Reuters-in məlumatına görə, məsələ ilə bağlı səsvermə 11 sentyabr, cümə günü keçiriləcək.
Qanun layihəsinin tərəfdarları hesab edirlər ki, ictimai dəstək bu dəfə təşəbbüsün qəbuluna kömək edə bilər. Xatırladaq ki, təxminən altı ay əvvəl irəli sürülən oxşar təşəbbüs nəticəsiz qalmışdı.
Təklif olunan qanun layihəsinə əsasən, İngiltərə və Uelsdə yaşayan, qərarvermə qabiliyyətinə malik, sağalmaz xəstəlikdən əziyyət çəkən və həkimlərin proqnozuna görə altı aydan az ömrü qalan yetkin şəxslərə tibbi yardım vasitəsilə həyatlarına son qoymaq imkanı verilə bilər.
Bunun üçün qərarın müvafiq mütəxəssislər qrupu tərəfindən təsdiqlənməsi nəzərdə tutulur.
Əvvəlki təşəbbüsün qəbul olunmamasının əsas səbəblərindən biri isə həssas və müdafiəsiz xəstələrin təzyiq və məcburiyyət riskindən necə qorunacağı ilə bağlı narahatlıqlar olub.

