ABŞ Prezidenti Donald Tramp İranla müharibədə Vaşinqtona dəstək verməyən ölkələrin ABŞ-ın çəkdiyi bütün zərəri kompensasiya etməli olduğunu bildirib.
Tramp bu barədə Truth Social hesabında paylaşım edib. ABŞ liderinin sözlərinə görə, həmin ölkələr münaqişə başa çatdıqdan sonra Vaşinqtonun itkilərinin əvəzini ödəməli olacaqlar.
“Neft Hörmüz boğazından keçir. Bizə heç bir şəkildə kömək etməyən dünya ölkələri bu saxta münaqişə başa çatdıqdan sonra ABŞ-ın itkilərini ödəməli olacaqlar və mütləq ödəyəcəklər. Biz bunu özümüzdən daha çox başqaları üçün edirik və bu, artıq nəsillərdir belə davam edir!” – Tramp yazıb.
ABŞ Prezidenti bununla İranla qarşıdurmada Vaşinqtona dəstək göstərməyən ölkələrə maliyyə məsuliyyəti ilə bağlı sərt mesaj verib. Bunun hansı ölkələrə şamil ediləcəyi və mümkün kompensasiyanın necə hesablanacağı barədə isə əlavə məlumat verilməyib.

