ABŞ Prezidenti Donald Tramp administrasiyası İsrailə 2,8 milyard dollar dəyərində iri həcmli sursat satışını planlaşdırır.
Reuters-in məsələ ilə bağlı məlumatlı ABŞ rəsmisinə istinadən yaydığı xəbərə görə, satış paketinə 20 min MK-84 və 20 min BLU-117 olmaqla ümumilikdə 40 min ağır bomba daxildir. Hər iki sursatın çəkisi 2 min funt, yəni təxminən 907 kiloqramdır. Məlumatı ilk olaraq “The Washington Post” yayıb.
Bəzi məlumatlara görə, paketdə gücləndirilmiş hədəflərə nüfuz etmək üçün nəzərdə tutulan 20 min I-2000 Penetrator döyüş başlığının da olması planlaşdırılır.
2,8 milyard dollarlıq satış hələ yekunlaşmış müqavilə deyil. ABŞ rəsmisinin sözlərinə görə, iri silah satışlarını nəzərdən keçirən Konqresin müvafiq komitələri planlaşdırılan paket barədə qeyri-rəsmi şəkildə məlumatlandırılıb. ABŞ Dövlət Departamenti və İsrailin Vaşinqtondakı səfirliyi Reuters-in sorğusuna dərhal cavab verməyib.
ABŞ 2025-ci ilin fevralında da İsrailə 2,04 milyard dollar dəyərində sursat və əlaqəli avadanlığın satışını təsdiqləmişdi. Yeni plan isə İsrailə ağır sursat tədarükünün daha da genişləndirilməsini nəzərdə tutur.
2 min funtluq bombaların İsrail tərəfindən Qəzza və Livanda istifadəsi əvvəllər də mübahisələrə səbəb olub. Reuters qeyd edir ki, bu cür ağır bombaların istifadəsi mülki əhali üçün yaratdığı risklərə görə insan hüquqları ekspertlərinin tənqidinə məruz qalıb.

