Prezident İlham Əliyev investorlara Azərbaycan haqqında təsəvvürü ayrı-ayrı media materialları əsasında deyil, ölkəni şəxsən tanıyaraq formalaşdırmağı tövsiyə edib.
Dövlət başçısı bu fikirləri Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müvafiq suala cavab verərkən səsləndirib. Forum Prezident İlham Əliyevin himayəsi altında keçirilir.
Prezidentin sözlərinə görə, belə tədbirlərin üstünlüklərindən biri xarici qonaqların Azərbaycanı yaxından görmək və ölkədə baş verən proseslərlə bağlı insanların fikirlərini birbaşa öyrənmək imkanına malik olmasıdır.
“Bu günlərdə onlar istənilən insandan ölkə haqqında nə düşündüyünü, Azərbaycanın necə inkişaf etdiyini, düzgün istiqamətdə hərəkət edib-etmədiyini soruşa və öz fikirlərini müstəqil şəkildə formalaşdıra bilərlər”, – deyə İlham Əliyev bildirib.
Dövlət başçısı investorların Azərbaycan haqqında qərar verərkən “saxta media”ya etibar etməmələrinin və ölkəni şəxsən tanımalarının vacibliyini vurğulayıb.

