Xəbər verdiyimiz kimi, Sumqayıtda Fabrikdə işçilər kütləvi şəkildə zəhərlənib.
Den.az xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları cəlb olunub. Zəhərlənmənin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb, lakin ilkin ehtimallara görə, bu, nahar baxtı qəbul etdikləri qida ilə əlaqəli ola bilər. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır. Fabrikdə fəaliyyət müvəqqəti olaraq dayandırılıb. TƏBİB-dən DenazTv-yə bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə əvvəlcə 19 nəfər Təcili Tibbi Yardım avtomobili ilə xəstəxaya gətirilib. Daha sonra isə 2 nəfər öz şəxsi avtomobili ilə xəstəxanaya müraciət edib. 21 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib.
Belə ki, “21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, Abşeron-Xızı regional bölməsinin əməkdaşları məsələni nəzarətə götürüb: "Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.