Sumqayıt şəhərində dəhşətli yanğın hadisəsi baş verib.
Den.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Qasımov Zakir İsa oğlu yaşadığı Qurd dərəsi yaşayış massivində — ev 4-də qəsdən yanğın törədib.
Hadisə nəticəsində yaşayış evində güclü yanğın meydana gəlib və əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər DYMİ-nin yanğınsöndürmə qüvvələri və polis əməkdaşları cəlb olunub.
Yanğın qısa müddətdə söndürülməsinə baxmayaraq, evdə ciddi yanıq izləri və maddi zərər qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ən dəhşətlisi isə odur ki, ilkin istintaq zamanı Qasımov Zakir törətdiyi əməli etiraf edərək deyib: “Nə oğlumla, nə də yoldaşımla yola getmirdim. Ona görə də evi yandırdım. İstəmirəm ki, bu mənzil onlara qalsın.”
Bu ifadələr ailədaxili münaqişənin necə təhlükəli və dağıdıcı nəticələrə səbəb ola biləcəyini bir daha ortaya qoyur. Əsəbi və psixoloji gərginlik fonunda baş verən bu hadisə ictimaiyyətdə ciddi narahatlıq doğurub.
Qeyd edək ki, bu kimi hallarda hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılır və şəxsin törətdiyi əmələ hüquqi qiymət verilir. Mütəxəssislər bildirirlər ki, ailədaxili münaqişələrin vaxtında qarşısı alınmadıqda faciəli nəticələrə səbəb ola bilər. Bu baxımdan psixoloji dəstək və ailə münaqişələrinin hüquqi həlli yolları önəmlidir.
Hadisə ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Zakir Qasımov barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi gözlənilir.
Nizami Rəsulov
Den.az