Xızı rayonunda iribuynuzlu heyvanların oğurlanması ilə bağlı cinayət işi üzrə yeni detallar məlum olub.
Den.az xəbər verir ki, Qasımkənd kəndində baş verən bu hadisə yerli ictimaiyyətdə böyük narahatlıq yaradıb. Məlumata görə, hadisədə əsas şübhəli bilinən şəxs cinayətdən sonra həyat yoldaşını və azyaşlı övladını geridə qoyaraq izini itirib. Hazırda hüquq-mühafizə orqanları onun axtarışını intensiv şəkildə davam etdirir.
Belə ki, bir neçə gün bundan öncə Qasımkənd sakini, təsərrüfat sahibi Yusif İsmayılova məxsus 70-dən çox iribuynuzlu heyvanın oğurlandığı bildirilmişdi. Təsərrüfat sahibi öz şəxsi axtarışları nəticəsində heyvanların izinə düşə bilib. Onun sözlərinə görə, yaşadığı kənddən təqribən 45 kilometr məsafədə – Sumqayıt şəhərində yerləşən bir fermanın yaxınlığında heyvanlar aşkarlanıb.
Yusif İsmayılovla birgə televiziya əməkdaşlarının Stansiya Sumqayıtda hadisə yerinə gəlişi və etdiyi müşahidələr yerində çəkilmiş video-görüntülərlər sadəcə dəhşətdir.
Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları oğurluqda şübhəli bilinən şəxsin izinə düşüblər. Lakin şübhəli şəxs artıq ailəsini tərk edərək qaçıb və hazırda gizlənməkdə davam edir. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlum hadisə həm hüquqi, həm də sosial müstəvidə ciddi narahatlıq yaradıb. Kənd sakinləri və fermerlər hüquq-mühafizə orqanlarından məsələnin köklü şəkildə araşdırılmasını və bu cür halların qarşısının alınması üçün qəti tədbirlər görülməsini tələb edirlər. Hadisənin istintaqı davam edir.