Sumqayıt şəhərində yerləşən 36-cı məhəllə bina 8/29 mənzil 19-da eyvanın çökməsi ilə nəticələnən hadisə baş verib.
Den.az xəbər verir ki, hadisə zamanı mənzilin sahibi evdə olub və səsə eyvana çıxıblar. Məlum olub ki, eyvanın altında yerləşən obyektin damı eyvanın tamamilə uçmasının qarşısını alıb. Əks halda eyvan yola çökə bilərdi və bu, yoldan keçən insanlar üçün ciddi təhlükə yaradardı.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və polis qüvvələri cəlb olunub. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi lentlənərək mühafizəyə götürülüb.
Ev sahibi eyvanın və ümumilikdə binanın istismar müddətinin başa çatdığını və məhz bu səbəbdən belə bir halın yaşandığını bildirib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar İdarəsindən bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi baxış keçirib və yalnız onların verəcəyi rəyə əsasən müvafiq tədbirlər görüləcək. Bununla belə, ilkin ehtimallara görə, eyvanın çökməsinə səbəb binanın istismar müddətinin bitməsindən daha çox eyvanın həddindən artıq yüklənməsi və konstruksiyaların düzgün quraşdırılmaması ola bilər.