Kürdəmirdə istirahət mərkəzində zəhərlənənlərin sayı 17 nəfərə çatıb, araşdırma başlanılıb.
Den.az APA-ya istinadən xəbər verir ki, Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus “Naftalan” ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.
Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
***
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Den.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.
Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.