Sumqayıt Bələdiyyəsi şəhərin abadlıq və sosial rifaha yönəlmiş strateji fəaliyyət planına uyğun olaraq, vətəndaş məmnunluğunu əsas tutaraq mühüm infrastruktur layihələrini ardıcıl şəkildə həyata keçirir.
Den.az xəbər verir ki, bu çərçivədə bələdiyyə tərəfindən Xəzri 2 Yaşayış massivində yerləşən Şəhid Gəray Məmmədov küçəsində genişmiqyaslı asfaltlanma işləri aparılıb.
Qeyd edək ki, Şəhid Gəray Məmmədov küçəsində illərdir yol infrastrukturu ilə bağlı mövcud olan problemlər, xüsusilə də qış aylarında gediş-gəlişin çətinləşməsi sakinlər üçün ciddi narahatlıq doğururdu. Bələdiyyəyə ünvanlanan çoxsaylı müraciətləri diqqətdə saxlayan qurum, ərazidə operativ şəkildə asfaltlama işlərinə start verib və qısa müddətdə bu işi yüksək keyfiyyətlə başa çatdırıb.
Yeni asfalt qatı nəinki küçənin görünüşünü dəyişib, həm də sakinlərin gündəlik həyatını asanlaşdırıb. Küçə boyu hərəkət artıq daha təhlükəsiz və komfortludur. Sakinlər bu addımı böyük razılıqla qarşılayaraq Sumqayıt şəhər rəhbərliyinə və bələdiyyəyə təşəkkürlərini bildiriblər.
Xüsusilə vurğulayaq ki, Sumqayıt Bələdiyyəsinin son aylar ərzində həyata keçirdiyi bu tip layihələr təkcə Şəhid Gəray Məmmədov küçəsi ilə məhdudlaşmır. Qurum daha əvvəl də Yaşma yaşayış massivində Şəhid Cavid Mirzəyev və Xəzri 2 Yaşayış massivində Şəhid Coşqun Zeynallı küçələrində də analoji işlər görüb. Bu isə göstərir ki, bələdiyyə öz fəaliyyətində şəhid ailələrinin yaşadığı və ya adlarını daşıyan küçələrə xüsusi həssaslıqla yanaşır.
Sumqayıt Bələdiyyəsi gələcək aylarda da şəhərin müxtəlif ərazilərində sosial yönümlü layihələr həyata keçirməyə davam edəcək. İctimai infrastrukturun inkişafı, vətəndaşların rifahının yüksəldilməsi və şəhərin ümumi abadlıq səviyyəsinin artırılması bu fəaliyyətlərin əsas istiqamətini təşkil edir.
Ellada Rəsul