Sumqayıt Bələdiyyəsi tərəfindən şəhərin müxtəlif yaşayış massivlərində həyata keçirilən məhəllə komitələrinə seçki prosesi uğurla davam etdirilir.
Den.az xəbər verir ki, bu təşəbbüs şəhər sakinlərinin yerli idarəetmədə birbaşa iştirakını təmin etmək, onların səsini daha da gücləndirmək məqsədi daşıyır.
Növbəti görüş Yaşıldərə yaşayış massivinin 2-ci və 4-cü məhəllələrində keçirilib. Sakinlərin fəal iştirakı ilə baş tutan toplantıda Bələdiyyə nümayəndələri məhəllə komitələrinin əhəmiyyətindən danışaraq, bu strukturların şəhər idarəçiliyində mühüm rol oynadığını vurğulayıblar.
Görüş zamanı sakinlərə seçkilərin təşkili qaydaları, namizədlik meyarları, komitələr vasitəsilə icra ediləcək təşəbbüslər və bu prosesin hüquqi əsasları ətraflı şəkildə izah olunub. Görüşdə bildirilib ki, məhəllə komitələri yerli problemlərin operativ həllinə, infrastrukturun inkişafına, sosial layihələrin reallaşdırılmasına və vətəndaşlarla birbaşa əlaqənin qurulmasına şərait yaradır.
Bələdiyyə rəsmiləri qeyd ediblər ki, bu seçkilər sadəcə prosedur xarakteri daşımır, əksinə, şəhərin gələcək inkişafında hər bir vətəndaşın söz haqqını təmin edən bir platformadır.
Sakinlər də öz növbəsində bu təşəbbüsü müsbət qarşılayaraq, iştirak etməyə və məhəllələrinin rifahı naminə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.
Sumqayıt Bələdiyyəsi tərəfindən belə görüşlərin şəhərin digər ərazilərində də keçirilməsi planlaşdırılır.