Abşeron rayonunu Sumqayıtla birləşdirən Saray körpüsündə uzun müddətdir təmir-tikinti işlərinə görə hərəkət istiqaməti qismən məhdudlaşdırılıb. Lakin illər keçməsinə baxmayaraq, körpüdə aparılan işlər hələ də yekunlaşmayıb.
Denmedia.az-a müraciət edət sakinlərin sözlərinə görə, körpü bir neçə dəfə “tezliklə istifadəyə veriləcək” vədi ilə gündəmə gəlsə də, reallıqda proses çox ləng aparılır. Bəzi hissələrdə asfalt örtüyü tam sökülüb, digərlərində isə işıqlandırma və təhlükəsizlik baryerləri yoxdur.
Sürücülər və sakinlər aidiyyəti qurumlardan bu vəziyyətə son qoymağı, körpünün təmirini sürətləndirməyi və işlərin keyfiyyətlə yekunlaşdırılmasını tələb edirlər.
Hətta vəziyyət o yerə çatıb ki, sürücülər arasında tez -tez əlbəyaxa davalar baş verir.
Onların fikrincə, bu qədər müddət davam edən təmir həm bölgənin hərəkət sisteminə, həm də insanların gündəlik həyatına ciddi təsir göstərir. AAYDA-dən isə ərazidə yaranmış problemlə bağlı sorğumuza cavab olaraq bildirildi ki, işlər artıq nəzarətə götürülüb.Məlumat verilib ki, “Fanerka təhlükəsizlik məqsədi ilə vurulub. Arxa hissə boşluq olduğu üçün bu addım atılıb. İşlər tamamlandıqdan sonra fanerka söküləcək. Səki məsələsinə isə yerində baxılacaq və layihə ilə uyğunluğu müəyyənləşdiriləcək.”
Əgər təmirin məqsədi təhlükəsiz və dayanıqlı körpü yaratmaqdırsa, sakinlər deyir ki, bu məqsəd çoxdan unudulub. İndi yeganə istək, körpünün nəhayət istifadəyə verilməsidir.







Ellada Rəsul

