Sumqayıt şəhərində 1950-ci illərdə inşa edilən və hazırda Fövqəladə Hallar Nazirliyinin rəyi ilə qəzalı vəziyyətdə hesab edilən 13 yataqxananın sökülməsinə start verilib.
“DenMedia.az” xəbər verir ki, söküntü işləri şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən həyata keçirilir.
Sözügedən yataqxanalar Sumqayıtın 15-ci məhəllə ərazisində, ümumilikdə 7 hektardan artıq torpaq sahəsində yerləşir. Burada yaşayan 1300-ə yaxın ailə artıq köçürülmə prosesi ilə bağlı məlumatlandırılıb. Sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcək və tikinti başa çatdıqdan sonra mərhələli şəkildə yeni, təmirli mənzillərlə təmin olunacaqlar və ya hər bri ailəyə razılıq əsasında kompensasiya veriləcək. Ərazidə aparılan işlər “KM GROUP” MMC-yə həvalə edilib. İç icraçısı Vaqif Əmirovun sözlərinə görə, bütün sənədləşmə işləri yekunlaşdırılıb və söküntü prosesi tam qanuni əsaslarla həyata keçirilir.
Layihəyə əsasən, köhnə yataqxanaların əvəzinə 4 kompleksdən ibarət müasir çoxmərtəbəli yaşayış binaları inşa ediləcək. Burada yalnız mənzillər deyil, eyni zamanda sakinlərin rahatlığı üçün zəruri infrastruktur , istirahət parkları, futbol meydançaları, uşaq oyun zonaları və digər sosial obyektlər də yaradılacaq. Ərazidəki yaşıllıq da xüsusi diqqət mərkəzindədir. Tikinti işləri çərçivəsində ağacların qorunması və xüsusi qaydada digər ərazilərə köçürülməsi planlaşdırılıb. Yataqxana sakinləri bu xəbəri çoxdan gözlədiklərini deyirlər.
Xatırladaq ki, 20-ci əsrin ortalarında inşa edilən həmin yataqxanalar artıq istismar müddətini başa vurduğundan ciddi təhlükə mənbəyinə çevrilmişdi. Fövqəladə Hallar Nazirliyinin rəyində də binaların qəzalı vəziyyətdə olduğu xüsusi olaraq vurğulanıb. Beləliklə, Sumqayıt şəhərinin 15-ci məhəlləsində icra olunan bu layihə həm təhlükəsizlik, həm də müasir şəhərsalma baxımından mühüm əhəmiyyət daşıyır.