Sumqayıt şəhər 36 nömrəli orta ümumtəhsil məktəbi və ümumilikdə şəhərin təhsil ictimaiyyəti ağır itki ilə üzləşib. Məktəbin ibtidai sinif müəllimi, 49 yaşlı Məlahət Ömərova qəfil vəfat edib.
Bu barədə Denmedia.az-a mərhumun iş yoldaşları məlumat veriblər.
Məlumata görə, Məlahət Ömərova bir neçə həftə öncə səhhətində yaranan narahatlıqlar səbəbilə Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Aparılan tibbi müayinələr zamanı müəllimin beyin nahiyəsində virus mənşəli ağır problem aşkarlanıb. Həkimlərin göstərdiyi səylərə və görülən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Məlahət Ömərova təxminən 30 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olub. O, illər boyunca yüzlərlə şagirdin ilk müəllimi kimi onların savadlı, tərbiyəli və vətənpərvər şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb. Həmkarlarının sözlərinə görə, Məlahət müəllimə öz peşəsinə sonsuz sevgi ilə yanaşan, məsuliyyətli, qayğıkeş və nümunəvi pedaqoq olub.
Valideynlər və şagirdlər arasında da böyük hörmət qazanan Məlahət Ömərova səmimiyyəti, təmkinli davranışı və yüksək insani keyfiyyətləri ilə seçilib. Onun vaxtsız vəfatı təkcə ailəsi üçün deyil, həm də çalışdığı məktəb kollektivi, yetirmələri və bütün Sumqayıt təhsil ictimaiyyəti üçün dərin kədər doğurub.
Allah rəhmət eləsin.
Nizami Rəsulov
Denmedia.az

