Sumqayıt şəhərinin təhsil ictimaiyyəti ağır və kədərli bir xəbər ilə sarsılıb.
Den.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən , İ.Qaybov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Gülnarə Nizami qızı qəfil vəfat edib.
Məlumata görə, müəllimənin ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Bu gözlənilməz itkini həmkarları, şagirdləri və onu tanıyanlar böyük kədər hissi ilə qarşılayıblar.
Gülnarə Əliyeva uzun illər ərzində pedaqoji fəaliyyət göstərərək minlərlə şagirdin təhsil və tərbiyəsində əvəzsiz rol oynayıb. Onun peşəsinə olan bağlılığı, qayğıkeşliyi və insanlara münasibəti ilə həmkarları arasında böyük hörmət qazanmışdı.
Qeyd edək ki, mərhum müəllimənin bir müddət öncə övladı da dünyasını dəyişmişdi. Bu çətin dönəmdə yaşadığı dərin sarsıntı onun səhhətinə də təsirsiz ötüşməyib.
Xüsusi ilə vurğulayaq ki, Gülnarə Əliyeva uzun müddət Texniki Təbiət Elmləri Liseyində çalışıb. Sumqayıt təhsil ictimaiyyəti Gülnarə Əliyevanın vəfatını böyük itki kimi dəyərləndirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.