Qəbələ Rayon Mərkəzi Xəstəxanasının (RMX) sabiq tibb bacısı barəsində cinayət işi başlanıb.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, tibb müəssisəsinin poliklinika şöbəsində çalışmış R. Məsimova dələduzluq və oğurluqda ittiham olunur.
İş materiallarına əsasən, Məsimova Qəbələ rayonunun Həmzəli kənd sakini olan tanışını aldadaraq ondan 12 000 manat pul alıb. O, həmin şəxsi RMX-nin təcili tibbi yardım şöbəsinə sürücü kimi işə düzəldəcəyini və pulun xəstəxananın direktoruna veriləcəyini bildirib. Lakin pulu əldə etdikdən sonra verdiyi vədi yerinə yetirməyib və vəsaiti mənimsəyib.
Bundan başqa, istintaq Məsimovanın daha bir cinayət əməli törətdiyini də müəyyən edib. Belə ki, o, qohumlarına məxsus evə daxil olaraq oradan 30 000 manat pul oğurlayıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi açılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R. Məsimova saxlanılaraq istintaqa cəlb edilib. Bildirilir ki, o, həmçinin tutduğu vəzifədən azad olunub.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytın sorğusuna cavab olaraq bildirilib ki, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

