ABŞ-ın Nyu-Hempşir ştatında toy mərasimi zamanı döşəmə qəfil çöküb. Bu barədə NBC 10 məlumat yayıb.
Hadisə Çokorua qoruğundakı tarixi bir daxmada baş verib. Mərasimin əvvəlində içəridə təxminən 144 nəfər toplaşıb. Birdən-birə altlarında 6x6 metr ölçüdə böyük bir dəlik yaranıb və təxminən 70 qonaq ora düşüb.
Bəzi qonaqlar taxta konstruksiyalar arasında sıxışıb qalıb.
Hadisə yerinə dərhal xilasedicilər cəlb olunub. Dəliyə nərdivanlar endirilib və bəzi insanlar öz gücü ilə çıxa bilib, digərləri isə yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yaralananların əksəriyyəti yüngül xəsarət alıb, lakin 6 nəfər xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, döşəmənin çökməsinə səbəb daxmada normadan artıq insanın olması olub — köhnə konstruksiya bu yükə tab gətirməyib.

